sayfa içeriği

Min Bir Dad

7 gözəl plovu

  • 7 gözəl plovu

7 gözəl plovu

Lazım olanlar:

  • Düyü ,
  • Ərinmiş yağ,
  • Toyuq,
  • Soğan ,
  • Portağal,
  • Zirinc,
  • Ərik qurusu ,
  • Badam,
  • Fıstıq,
  • Kişmiş ,
  • Nar ,
  • Zirə,
  • Zəfəran,
  • Duz,
  • İstiot,
  • Şəkər tozu,
  • Lavaş,

7 gözəl plovu hazırlanma qaydası:

  • Portağalın qabığını soyun.
  • Qaynar suda isladın, bir neçə dəfə suyunu dəyişin.
  • Su soyuduqca süzüb atın, əvəzinə qaynar su tökün.
  • Beləcə, qabığın üstündəki bütün mum çıxanadək (suyun üzərində, kasanın qırağında yığılır) prosesi təkrar edin.
  • Sonra isə iti bıçaqla portağalın qabığını napnazik saman kimi doğrayın.
  • Toyuğu doğrayın.
  • Qanadlarını, belini, döşünü, budlarını və bud dibini ayrı qoyun.
  • Soğanı nazik doğrayın.
  • Soğanı ərinmiş yağda qovurun, yanmasın deyə ocağı azaldın.
  • Soğanın ətri yayılanda toyuğun çox bişməli olan hissələrini – qanadları və belini tavaya salın.
  • Duz, istiot, döyülmüş zirə səpin.
  • Adətən, buraya sarıkök qatırlar.
  • Ancaq əlinizin altında əsl zəfəran varsa, onu şəkər tozu ilə döyün, qaynar su töküb dəmləyin, sonra bunu toyuğa əlavə edin.
  • Çünki zəfəran tək rəng vermir, həm də əsl bayram rayihəsi yayır.
  • Zəfərandan savayı azacıq gül suyu da əlavə etmək olar.
  • Toyuğun döşünü digər ət parçaları yarıbişmiş olanda əlavə edin.
  • Qarışdırın, tavanın qapağını qoyub ocaqdan götürün.
  • Narahat olmayın, çiy qalmayacaq.
  • Demək olar ki, birinci “gözəlimiz” hazırdır.
  • Portağal sedrasını hazırlamaq üçün tavaya ərinmiş yağ, şəkər tozu və zirə qoyun.
  • Şəkər tozu əriyənədək tavanı qızdırın.
  • Dərhal sedranı, ardınca da 3-4 xörək qaşığı su əlavə edin.
  • Sonra sedra karamelləşənədək qarışdırın.
  • Badamı qaynar suda isladın, qabığını təmizləyin.
  • Sonra hər birini uzununa 3-4 yerə bölün.
  • Ərinmiş yağda rəngi allaşıb gözəl ətir verincə qovurun.
  • Fıstığı da eynilə hazırlayın.
  • Ancaq fıstığın rəngini dəyişməsini gözləməyin, ətri gəldisə, hazırdır.
  • Dənəsiz ərik qurusunu tərtəmiz yuyun, qurudun, doğrayın.
  • Yaş qalarsa, əziləcək, həm görünüşünü itirəcək, həm də plovu bərbad edəcək.
  • Kişmişlər əvvəlcə şişib adi üzüm dənəsi boyda olur, sonra yenə büzüşür. Bütün quru meyvələrin yağı – bu plovun canıdır.
  • Gözəllər”in altısı artıq hazırdır: toyuq, sedra, ərik qurusu, badam, fıstıq, kişmiş.
  • Qaldı bircə zirinc.
  • Onu da kişmiş kimi şişənədək ərinmiş yağda qovurun.
  • Bunları lay-lay düyünün arasına da düzmək olar.
  • Hamısını qarışdırıb yağını süzüb döşəmək də olar.
  • Bayram plovu üçün ən yaxşı basmati seçmək lazımdır, yəni ki, 12 saat suda saxlayandan sonra ondan əla plov çıxsın.
  • Düyü üçün suyu 2:1 nisbətində südlə qarışdırın (2 pay su + 1 pay süd).
  • Duz əlavə edin. 1 kq quru düyüyə 5 litr su-süd qarışığı gərəkdir.
  • Yağ da vacibdir. 1 kq quru düyüyə təxminən 400 q ərinmiş yağ gedir.
  • Ya adi üsulla xəmirdən qazmaq hazırlayın.
  • Ya da ən rahatı – lavaş götürün.
  • Lavaşı parçalara bölüb yağlayın, bir neçə qat üst-üstə düzün (qoy qazmağı çox olsun).
  • Su-süd qarışığı qaynayanda yuyub islatdığınız düyünün suyunu süzün, qazana tökün.
  • Həmən dəqiqə də qarışdırın ki, dibinə oturub yapışmasın.
  • Qazan təkrar qaynamağa başlayanda qarışdırmağı dayandırın.
  • Bir qədər də zəfəran götürüb döyün, qazanda qaynayan südlü sudan 2 qaşıq üzərinə töküb qarışdırın.
  • Yarıbişmiş düyüdən bir qədər götürüb balaca qazançaya yığın.
  • Zəfəran dəmləməsi ilə qarışdırıb ağzını örtün, dəmə qoyun.
  • Bax belə!
  • Bir tumturş narın şirəsini sıxın.
  • Yenə bir balaca qazançaya düyüdən tökün, nar şirəsi ilə qarışdırıb dəmə qoyun.
  • Nar şirəsi yoxdursa, bir çuğunduru sürtgəcdən keçirin, suyunu sıxın.
  • Turş olmayacaq, amma rəng verəcək.
  • Düyünü təxminən 9-12 dəqiqə qaynadın.
  • Süzün.
  • İndi plovu dəmə qoymaq gərəkdir.
  • Toyuğun yağı ilə bulyonunu süzün
  • Lavaşın üstünə toyuğu döşəyin.
  • Qovrulmuş soğanı toyuğun üstünə döşəyin (altda qalsa, yanar).
  • Sonra isə lay-lay quru meyvələri düzün.
  • Quru meyvənin çox hissəsini düyünün təpəsinə yaxın düzün, çünki bunlarla plov “bəzənəcək”. Ancaq bu layın da üstünü düyü ilə örtmək lazımdır.
  • azanın qapağına “vaflili” dəsmal bükün (bunlar buxarı daha yaxşı hopdurur).
  • Dəmə qoyun.
  • Quru meyvələri qovurduğunuz yağı düyü tam dəm alana yaxın üzərinə gəzdirin.
    Dəmdə isə düyü ən azı iki saat qalmalıdır.
  • İmkan varsa, 4-6 saat da dəmləyə bilərsiniz, bu, onu daha dadlı edər.
  • Belə plovu süfrəyə elə-belə vermək günahdır.
  • Mütləq bəzəmək lazımdır.
  • Rəngli düyünü hissə-hissə qəşəng düzmək üçün iki uzun bıçaq götürün, V hərfi kimi çarpaz qoyun və arada boş qalan yerə qaşıqla düyüdən tökün.

Nuş olsun!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *