Paxlava
PAXLAVA Azərbaycan mətbəxində Novruz bayramı süfrələrinin bəzəyidir.
Paxlavanın müxtəlif növləri var.
Bunlardan ən məşhur olanı Bakı Paxlavası sayılır.
Paxlava üçün lazım olanlar:
- süd – 1 stəkan,
- yumurta – 1 ədəd ,
- kərə yağı – 100 qr,
- quru maya – 1 çay qaşığı ,
- şəkər tozu – 1 xörək qaşığı,
- un – 1 kq(xəmirə 700 qr-a kimi sərf olunacaq, yerdə qalanı yayma zamanı istifadə olunur),
Paxlava içlik üçün:
- Xırdalanmış qoz, fındıq və ya badam -1 kq (çox kiçik olmamalıdır),
- Narın şəkər tozu – 1 kq,
- Üyüdülmüş un formasında hil – 3-4 çay qaşığı,
- Üyüdülmüş un formasında muskat cevizi – 1/2-1 çay qaşığı,
- vanil – zövqə görə,
Şərbət və yağ:
- kərə yağı – 400 qr.
- bal – 2 xörək qaşığı (və ya şəkər siropu – 2 xörək qaşığı şəkər tozu + su+ sarı kök),
- Əlavə – 2 yumurta sarısı,
- zəfəran – 1 çay qaşığı (2 xörək qaşığı qaynar suda dəmləyin),
- 48-54 sm diametrli 2 forma ,
Paxlava hazırlanma qaydası:
- Paxlavanı hazırlamaq üçün bütün ərzaqları qarışdırıb qatı xəmir yoğurun.
- Paxlava xəmirinin acıması üçün 30 dəqiqə isti yerdə saxlayın.
- Qozu qozçəkən maşınında xırdalayıb şəkər tozu, hil, muskat cevizi və vanillə qarışdırın.
- Paxlava xəmirini iki yerə bölün.
- Birinci hissəni 12 kündəyə ayırın, kündələrdən 2-ni (ilk və sonuncu qat üçün) digərlərindən böyük edin.
- Formanı yağlamaq lazım deyil, sadəcə azca unlayın.
- İri kündələrdən birini yayıb formanın dibinə sərin.
- Xəmirin üstünə 3-4 xörək qaşığı iç səpib bərabər yayın.
- Kiçik kündələri bir-bir bacardığınız qədər nazik yayıb formaya sərin.
- Xəmirin uclarını formanın divarlarına yapışdırın.
- Paxlavanın keyfiyyəti layların nazikliyi ilə ölçülür.
- Üzərinə iç səpin.
- Prosesi kündələr bitənədək davam edin.
- Nazik laylar cırılarsa, çəkinmədən istifadə edin, bişdikdən sonra hiss olunmayacaq.
- Sonda ehtiyatla böyük kündəni yayıb paxlavanın üstünə sərin.
- Xəmiri barmağınızla bıçağın hər iki tərəfindən tuta-tuta paxlavanı romb formasında doğrayın.
- Kəsərkən bıçağı paxlavanın dibinə kimi aparın.
- Hər paxlava rombunun ortasına yarım ədəd qoz (fındıq, badam) tərkibindən asılı olaraq basın.
- Üstdən fırça ilə zəfəranlı yumurtalı qatışıqdan çəkin.
- 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə, yumurta quruyana kimi bişirin.
- Sobadan çıxarıb ehtiyatla 200 qr. əridilmiş yağ tökün.
- Yenidən sobaya qoyub 25-30 dəqiqə, qızarana kimi bişirin.
- Sonuncu dəfə çıxarıb paxlavanın üzərinə 1 stəkan əridilmiş bal və ya şərbət gəzdirin.
- Şərbəti bərabər tökmək əsas nüanslardan biridir.
- Yenidən sobaya qoyub 5 dəqiqə bişirin.
- Paxlavanı çıxarıb soyudun.
- Tamamən soyumadan yenidən bıçaqla sərhədləri kəsin.
- Bu ərzaqlarla sizdə 2 forma paxlava, hərəsində 25 ədəd alınmalıdır.
- Sərin yerdə 1 aya kimi saxlamaq olar.
Nuş olsun!
Leave a Reply