Yazdırma Seçimləri:

Qatıq

Verimlilik1 Porsiya

Qatıq, südün mayalanması ilə hazırlanır və yüksək kaloriyə sahib bir qidadır.
Azərbaycanda tərkibinin əsas hissəsini QATIQ təşkil edən bir çox yemək növü var: Dovğa, Doğramac, Ayran aşı, Atlama və s.

Lazım olan ərzaqlar
 1 l Təzə süd
 1 yemək qaşığı qatıq( mayalamaq üçün)
Hazırlanma qaydası
1

Evdə qatıq hazırlamaq həddindən artıq asan bir prosesdir.
Pastorizə süddən istifadə etmirsinizsə əvvəlcə südü süzün.
Südü süzmək üçün əsasən bir neçə dəfə qatlanmış tənzifdən istifadə edilməsi məsləhətdir.
Süd süzüldükdən sonra əvvəlcə südü qaynadın.
Süd qaynamağa başladıqdan sonra taxta qaşıqla ən azı 15 dəqiqə havada sovuraraq, qarışdıraraq bişirin.
Süd bu şəkildə bişirildiyi təqdirdə, qaşığı aşağıdan yuxarı doğru hərəkət etdirərək qarışdırsanız, qatığınız daha ləzzətli olar.
Bunun səbəbi isə, bu zaman süd havada olan oksigenlə zənginləşmiş olur.
Bişən südü sonra bir qaba tökün.
Bunun üçün polad və ya saxsı qablara üstünlük verin.
Emallı qablarda çalınan qatıqlar sulu olur.
Qaynayan süd biraz soyuyub orta temperaturda (ılıq) olduqda südü mayalayırıq.

Maya necə hazırlanır?
2

Maya hazırlamaq üsulu çox asanddır.
Hər litr südə bir xörək qaşığı qatıq əlavə edin və qarışdırın.
Mmayanın südə asan qarışması üçün qatığı əvvəlcədən başqa qabda südə qarışdırıb o şəkildə ilıq südə qarışdırmaq olar.
Südə maya qarışdırarkən südün səthindəki qaymağı toxunub pozmamağa çalışın.
Bu zaman südü qabın dib hissəsindən ehtiyatla qarışdırın.
Bu zaman hazır məhsulun üzərində ləzzətli qaymaq təbəqəsi meydana gəlir.
Südün yağlılığından asılı olaraq qaymaq təbəqəsinin rəngi sarımtıl olur.
Mayanı qarışdırdıqdan sonra qatıq çalınacqa olan qabın qapağını örtün.
Bu zaman qabın qapağını yüngülcə aralı qoyaraq buxarın çıxmasına imkan verin və qazanın hər tərəfini parça ilə bürüyün. Süd sürətlə deyil, yavaş - yavaş soyumalıdır.
Yeri gəlmişkən deyək ki, südü mayalayarkən temperatura çox ciddi diqqət yetirmək lazımdır.
Temperaturunun sürətlə dəyişməməsi, yavaş - yavaş dəyişməsi üçün qabı yaxşı izolyasiya etmek lazımdır.
Mayalanma zamanı südün temperaturu da çox vacibdir.
Çünki süd çox isti olsa, son məhsul sulu olar, çox soyuq olsa, maya tutmaz.
Mayalanıb hazır olan qatığı, özünü tutması üçün biraz soyuducuda gözlətmək məsləhətdir.
Bu zaman soyuducudan nə qədər tez istifadə olunarsa, məhsul bir o qədər şirin olar.
Soyuducuda gözlədilməsə, qatıq biraz turş olar.
Qatıq uzun müddət qaldıqda üzərinə su yığılır.
Bu suyu atmayın. Bu suyun vitamin və minerallarla çox zəngin olduğunu yaddan çıxartmayın.
Digər tərəfdən, bu sudan ayran hazırlayarkən də istifadə oluna bilər.
Bu sudan eyni zamanda duzlayaraq pendirin uzun müddət saxlanmasında da istifadə etmək olar.

Nuş olsun!