sayfa içeriği

Min Bir Dad

Qovurma

Qovurma 

Tikə qovurma

Qovurma

Qovurma

Qovurma- Qərbi Azərbaycanın bir çox  bölgələrində, ən əsası  isə Ağbaba mahalının  milli mətbəxində mühüm yeri olan bir xörəkdir.

Bu yeməyi əslində ilin payız  fəsillərində hazırlayırlar.   

Qovurma qış hazırlıqları siyahısında birinci yerdə gəlir.

Bu yeməyin özünəməxsus hazırlanma     metodu  vardır.

Qovurma yeməyini təbii yağdan və quyruq yağından istifadə edərək hazırlamaq lazımdır.

Qovurmanın ləzzətli olmasını istəyirsinizsə     odun atəşində bişirməyiniz gərəkir.

Qovurmada ətləri çox bişirib əzmək olmaz.

Bişərkən saldığı köpükləri təmizləmək lazımdır.

Bu yemək uzun zaman saxlana bildiyi üçün, yağını və duzunu bir az artıq etmək lazımdır.

Lazım olan ərzaqlar:

  • 1 kq qoyun əti ,
  • 200 q quyruq yağı,
  • 200 q  kərə yağı,
  • 1 stəkan  su,
  • duz

Hazırlanma qaydası:

  • Ətləri çox da iri olmadan doğrayın.
  • Ətləri təmiz-təmiz yuyub aşsüzəndən suyunu süzün.
  • Quyruq yağının da bir hissəsini əti bişirəcəyiniz qazana doğrayın.
  • Hazırladığınız ətləri qazana yığıb  ocağa alın.
  • Qazana bir stəkan su əlavə edin və yüksək atəşdə bişməyə qoyun.
  • Qaynamağa başlayan ətin üzərinə yığılan köpükləri   bir kənara alın.
  • Köpükləri təmizlənən ət suyu tərtəmiz, duru olmalıdır.
  • Qaynayan əti aradabir diqqətlicə qarışdırın ki, ətlər əzilməsin.
  • Ətin suyu tamamən çəkildikdən sonra əti bir kənara alın.
  • Quyruq yağının qalan hissəsini də bir başqa qazana alıb ocaqda əridin .
  • Əriyən quyruq yağının içərisinə kərə yağını da əlavə edin.
  • Bişən ətləri quyruq yağının içinə alıb qovurun.
  • Ancaq “Qovurma”nı yüksək atəşdə bişirmək lazımdır.
  • Hazır olana yaxın duzunu əlavə edin.
  • Ətlər tamamən qızardıqdan və suyu çəkildikdən sonra hazır hesab olunar.
  • Qovurmanı həm isti , həm də soyuq halda yemək olar.
  • Qışa saxlanacaq qovurmanın üzərinə öz yağından və təbii yağdan əlavə edərək emallı qazanda saxlamaq lazımdır.
  • Yağı elə tökmək lazımdır ki, qovurmanın  üzəri bütövlükdə örtülsün və hava keçməsin.
  • Belə  saxlanan qovurma uzun zaman istifadə olunar və xarab olmaz.

Diqqət:

  • Qovurma ətini hazırlayarkən çox kiçik doğramaq, həddən çox bişirmək və yaxud da az bişirmək olmaz.
  • Az bişirilərsə saxlanması mümkün olmaz xarab olar.
  • Çox bişərsə də tamamən əzilər.
  • Qovurmanı  duzlu və yağını çox vurmaq lazımdır  və emallı qabda , sərin yerdə saxlamaq lazımdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *